BAKI, 8 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək “Sabah”ın Bakı Olimpiya Stadionundakı (BOS) ilk məşqinin vaxtı dəqiqləşib.
Teleqraf xəbər verir ki, dünəndən Şüvəlandakı bazasında hazırlıqlara start verən Valdas Dambrauskasın başçılıq etdiyi komanda bu gün axşam saatlarında test xarakterli ilk məşqinə çıxacaq.
Klub rəsmisi bildirib ki, Bakı Olimpiya Stadionunda hazırlıq prosesi yekunlaşmaq üzrədir:
“Stadionda əsas işlər tamamlanıb. Komandamız matçdan bir gün öncə son məşqini orada keçirəcək”.
Klub rəsmisi, həmçinin Çexiya təmsilçisinin Bakıya gətirəcəyi azarkeş sayı barədə də məlumat verib:
“Rəqib bizdən 3 675 bilet istəyib. Lakin onlardan neçəsinin satılacağı və ümumilikdə neçə azarkeşin gələcəyi barədə dəqiq məlumatımız yoxdur”.
Oyundan öncə rəqibin baş məşqçisi Yindrjix Trpişovskinin mətbuat konfransı da oktyabrın 12-də Bakıda baş tutacaq.
Xatırladaq ki, "Sabah" – "Slaviya" matçı oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək