BAKI, 9 oktyabr. TELEQRAF

"Xəzər dənizinin dayazlaşması Xəzəryanı bütün dövlətlərin birgə müzakirələr apararaq ortaq addımlar atmasını tələb edən ciddi məsələdir. Çünki bu ümumi su hövzəsində su səviyyəsinin azalması Xəzəryanı beş ölkə üçün ciddi ekoloji və iqtisadi problemlər yaradır".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ümumi su hövzəsində su səviyyəsinin azalması Xəzəryanı beş ölkə üçün ciddi ekoloji və iqtisadi problemlər yaradır:

"Bu proses Xəzərin biomüxtəlifliyinə, dənizdə gəmiçiliyə, eləcə də neft və qaz hasilatına mənfi təsir göstərir. Eyni zamanda, sahilyanı ərazilərdə ekoloji tarazlığın pozulması və iqtisadi fəaliyyətin çətinləşməsi kimi riskləri də artırır.

Bu baxımdan, Xəzər dənizinin səviyyəsinin azalması artıq həyəcan təbili çalınmasını və hər bir Xəzəryanı dövlətin öz məsuliyyətini dərindən dərk etməsini tələb edir. Xəzərə daxil olan çay sularının təxminən 80 faizinin Volqa çayının payına düşməsi bu məsələdə Rusiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Volqa çayı üzərində inşa edilmiş su anbarlarının fəaliyyəti, su ehtiyatlarının tənzimlənməsi və çay sularının müxtəlif istiqamətlərə yönəldilməsi Xəzərə daxil olan suyun həcminə təsir göstərə bilən amillərdir. Buna görə də Volqa çayının su ehtiyatlarından istifadə məsələsi elmi əsaslarla araşdırılmalı, Xəzərə daxil olan suyun həcminin qorunması istiqamətində zəruri tədbirlər görülməlidir".

Azər Badamov hesab edir ki, Volqa çayının su rejiminə təsir edən amillərin ətraflı öyrənilməsi, su ehtiyatlarının səmərəli idarə olunması və mümkün əlavə su mənbələrinin cəlb edilməsi ilə bağlı təkliflərin müzakirəsi də vacibdir.

"Təbii ki, bu cür məsələlər ekoloji tarazlıq, elmi əsaslandırma və regionun bütün dövlətlərinin maraqları nəzərə alınmaqla qiymətləndirilməlidir.

Əsas məsələ ondan ibarətdir ki, Xəzər dənizinin dayazlaşması heç bir dövlətin təkbaşına həll edə biləcəyi problem deyil. Bu, ortaq məsuliyyət və birgə fəaliyyət tələb edən regional çağırışdır. Xəzəryanı ölkələr arasında məlumat mübadiləsi gücləndirilməli, elmi tədqiqatlar genişləndirilməli və su ehtiyatlarının qorunması istiqamətində əlaqələndirilmiş tədbirlər həyata keçirilməlidir. İnanıram ki, yalnız həmrəylik, siyasi iradə və birgə səylər nəticəsində Xəzər dənizinin ekoloji təhlükəsizliyini qorumaq, onun iqtisadi potensialını gələcək nəsillər üçün saxlamaq mümkün olacaq. Prezident İlham Əliyevin Xəzərə həsr olunmuş sammitdə iştirakı və çıxışında Xəzərlə bağlı məsələləri geniş qeyd etməsi Azərbaycanın bu problemə məsuliyyətlə yanaşdığını bir daha göstərir", - parlament üzvü vurğulayıb.

.