BAKI, 22 sentyabr. TELEQRAF

“Araz-Naxçıvan”dan heç kəs mənimlə danışıq aparmayıb. Eşitdiyimə görə, onlar legioner məşqçi gətirəcəklər”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov deyib.

48 yaşlı mütəxəssis dünən Cavid Hüseynovla yollarını ayıran “Araz-Naxçıvan”la danışıq aparmadığını bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdə işləmək üçün bir neçə variantı olub və hazırda bu istiqamətdə danışıqlar aparılır:

“Bu işlə məşğul olan menecerlərim xariclə danışıqlar aparır. Bir neçə variant vardı, amma alınmadı. Burada Türkiyə, Rumıniya, Bolqarıstan, Avropa və Baltikyanı ölkələr (Estoniya, Litva, Latviya) var. Türkiyədə çalışmaq, mənə elə gəlir ki, çətindir. Çünki orada xeyli məşqçi var, bilmirəm, bizə necə baxırlar.

Mən özüm birbaşa kiminləsə danışıq aparmıram. Menecerlərim bu yöndə hazırda da əllərindən gələni edirlər. Məsələn, hansısa ölkədə məşqçi axtarılırsa, təklif edirlər. Bilirəm ki, Avropadan azərbaycanlı məşqçi gətirmək ən axırıncı variant olur. Yaxud orada tanışın olmalıdır ki, sənin orada işləmək şansın olsun. Mən bunları anlayıram, bilirəm ki, çox çətindir. Amma yenə də ümidimizi üzmürük. Gözləyirik”.

Bir ilə yaxındır işsiz qalan S. Abasov öncəliyi xaricdə işləməyə verdiyini bildirib:

“Xahişim də budur ki, birinci məsələ xaricdən bir klub tapsınlar. Başa düşürəm, çətindir, olmaya da bilər. Amma hələlik öncəliyim xaricdir. Əlbəttə, əgər ölkəmizdən təklif olarsa, dəyərləndirərik. Yoxdur, amma biz də durmamışıq. Prioritetim odur ki, özümü xaricdə sınayım”.

Qeyd edək ki, Samir Abasov son olaraq ötən ilin noyabrına qədər “Neftçi”ni çalışdırıb.