BAKI, 17 fevral. TELEQRAF

“Avropada oynayan 850 klub var, onların hamısın büdcəsi bizdən çoxdur. Amma nəticələrə görə biz 2000-2500 komanda arasında ilk 24-lükdəyik”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib.

“Bu hamımıza möhtəşəm qürur və inam verir. “Qarabağ”ın son dönəmlər ağır qrafiki var idi. Şamaxıda qarda, Qubada palçığın içində oyunlarımız oldu. Amma indi baxıram ki, futbolçularda özünə inam var. Əminəm ki, futbolçular özlərində ilahi güc tapacaqlar. “Nyukasl” İngiltərənin ən fiziki baxımından güclü klubdur. Büdcələri bir milyarda yaxındır, yəni bizdən 50 dəfə çox. Amma onlar qarşılarında güclü “Qarabağ”ı görəcəklər. Biz buraya möhtəşəm məşqçimiz Qurban Qurbanov, onun köməkçiləri, futbolçular, azarkeşlər və cənab Prezidentin dəstəyi ilə gəlmişik” - T.Gözəl əlavə edib.

Tahir Gözəl onu da əlavə edib ki, yeni mövsümdə komandanın büdcəsi artacaq:

“Oyun keyfiyyətimizi necə artıra bilərik bunu da düşünəcəyik. Tək hücuma deyil, hər mövqeyə oyunçu axtarırıq”.

Klub rəhbəri Premyer Liqadakı rəqabətdən də söz açıb:

“Hədəfimiz avrokubokdursa, digər tərəfdən itki də olacaq. Hər iki tərəfdə oynamaq çox çətindir. Həm də maşallah olsun, “Sabah” bir möhtəşəmdir, çox güclü komanda qurublar, eləcə də “Neftçi” ilə “Zirə”. Premyer liqanın keyfiyyəti artır. Amma Şamaxı və İmişlidəki stadionları görəndə məyus oluruq. Mənim həyat fəlsəfəm budur ki, əlimdən gələni edim. Amma əmin olun ki, klubun içində inam var. “Qarabağ” savaşan bir klubdur. Çempion olmayıb Konfrans Liqasına düşsək, orada da axıra qədər gedəcəyik”.