BAKI, 1 yanvar. TELEQRAF

“Hər il arzum ailəmin və mənim sağlam bir il keçirməyimizdir. Çünki sağlamlıq və Allahın köməyi ilə digər hər şeyə nail olmaq mümkündür. Həmişə Çempionlar Liqasında oynamağı arzulamışam. Şükür, 2025-ci ildə bu arzumu gerçəkləşdirdim”.

Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın legioner futbolçusu Leandro Andrade deyib.

Yeni ili qeyd etmək üçün ölkəsinə yollanan 27 yaşlı yarımmüdafiəçi bayramla bağlı diləklərini də bölüşüb: “Bayramda bütün ailə bir yerə toplaşırıq və gecə yarısını birlikdə qarşılamaq, həmçinin atəşfəşanlığı izləmək üçün bir damın üstünə çıxırıq. Yeni il mənim üçün ona görə xüsusidir ki, Allahın bizə daha bir il yaşamaq imkanı verdiyini və yeni bir ilin başladığını simvolizə edir. Bu səbəbdən həmişə qeyd etməyə dəyər, amma mən bunu sevdiyim insanlara yaxın şəkildə etməyi sevirəm. Mənim ölkəmdə Yeni il günü ailə üzvlərinə hədiyyə vermək adəti yoxdur, hədiyyələr adətən 25 dekabrda verilir. Şaxta baba geyimində Kevin Medinanı görmək istərdim (gülür – red.). Məncə ən vacib olan bir-birimizin yanında olmaqdır”.