BAKI, 25 dekabr. TELEQRAF

Cənubi Azərbaycanın “Traktor” klubuna ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirmək cəzası verilib.

Teleqraf xəbər verir ki, bu barədə qərar İran Futbol Federasiyası və İntizam Komitəsi tərəfindən Təbrizin Səhənd stadionunda “Traktor”la Tehran təmsilçisi “Persepolis” arasında keçirilən kubok qarşılaşmasından sonra qəbul edilib.

Bununla yanaşı, “Traktor” klubu 3 milyard tümən (100 min manat) məbləğində cərimələnib, 12 nəfər lider azarkeşə isə 6 ay müddətinə stadiona giriş qadağası tətbiq olunub. Həmçinin gələn mövsüm ölkə kubokunda “Persepolis”ə qarşı keçiriləcək oyunda da azarkeşlərin stadiona buraxılmayacağı bildirilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada əsas və əlavə vaxt heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə Təbriz təmsilçisi “Persepolis”i 9:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.