BAKI, 17 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ilə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında qurulan təhlükəsizlik modelini primitiv adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, "Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq" beynəlxalq konfransında çıxışı zamanı deyib.
"2022-ci ilin sentyabr hadisələri göstərdi ki, yeni yanaşma formalaşdırmasaq, Ermənistanı itirəcəyik. Ermənistanın dövlətçiliyini və suverenliyini itirməyə çox yaxın olmuşuq. Təhlükəsizlik çoxşaxəli anlayışdır. 2022-ci ilə qədər mövcud olan təhlükəsizlik modeli mahiyyət etibarilə primitiv idi. O zaman düşünürdük ki, KTMT bizim təhlükəsizliyimizi təmin edəcək, amma olmadı", - N. Paşinyan bildirib.
O qeyd edib ki, 1994-2022-ci illər arasında Ermənistan mediasında KTMT-nin lazımi anda ölkənin təhlükəsizliyini təmin etməyəcəyi ilə bağlı minlərlə ekspert qiymətləndirməsi olub:
“Əsas məsələ odur ki, niyə bütün bu nəticələr müvafiq addımların atılmasına gətirib çıxarmayıb. Ermənistan onilliklər ərzində hara gedəcəyini dəqiq bilərək bəlli yolla hərəkət edib".