BAKI, 17 sentyabr. TELEQRAF

Azərbaycanla Qırğız Respublikası arasında bəzi yüklərin daşınmasına icazə tələb olunmayacaq.

Teleqraf xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sazişə əsasən, bəzi yük daşımaları üçün isə icazə tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri, teatr dekorasiyaları və sair).

Eləcə də razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcəkdir.

Bu Sazişin müddəaları tərəflərdən birinin dövlətinin milli təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.

Sazişin müddəalarının icrası və beynəlxalq avtomobil daşımaları sahəsində yaranan məsələlərin həlli üçün tərəflər Qarışıq Komissiya yaratmağa razılaşırlar.