BAKI, 17 sentyabr. TELEQRAF
“Xocalı nekropolunda tədqiqatlar aparılır”.
Teleqraf xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” konfransında deyib.
O bildirib ki, Xocalı nekropolunun özəlliyi burada müxtəlif dövrlərə aid qəbir abidələrinin eyni ərazidə yerləşməsidir.
“Burada təkcə müsəlman qəbiristanlığından söhbət getmir. Eyni ərazidə, eyni landşaftda müsəlman qəbiristanlığından daha qədim dövrə aid kurqan qəbirlər mövcuddur”, - F.Quliyev qeyd edib.
O tarixi-dini abidələrin öyrənilməsi sahəsində boşluqların olduğunu vurğulayıb.
“Bu sahədə çoxlu boşluqlar var. Bir çox məsələlərin ciddi elmi araşdırılmasına ehtiyac var. Yerli mütəxəssislərə ehtiyacımız var. Epiqrafik abidələrin yenidən araşdırılmasına və əsaslı şəkildə öyrənilməsinə ehtiyac var. Bu, çox vacib məsələdir”, - o bildirib.