BAKI, 17 sentyabr. TELEQRAF
Biz "Rəqəmsal bacarıqlar" layihəsinə 5 min şagirdlə başlamışdıq. İndi isə 600 min şagirdə çatmışıq. Bu, Azərbaycanın ümumi təhsil məktəblərindəki bütün şagirdlərin demək olar ki, yarısıdır.
Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalının açılışında çıxışında deyib.
O qeyd edib ki, Azərbaycanda STEAM istiqamətinə başlayanda cəmi 50-yə yaxın məktəb və bir neçə min şagird var idi:
"İndi isə 300 mindən çox şagirddən danışırıq. Yəni kiçik addımlarla başlayırsınız və sonra bunu genişləndirirsiniz.
Eyni zamanda, fundamental məsələlərə nəzər saldıqda, PISA-nın son nəticələri bizə harada olduğumuzu göstərən çox yaxşı bir mənzərə, bir növ güzgü təqdim edir. Riyaziyyat üzrə nəticələrimizin kifayət qədər yaxşı olduğunu görürük. Xüsusilə Bakı üzrə nəticələrə baxdıqda, əhali və ölçü baxımından müəyyən ölkələrlə müqayisə edilə bilən bir göstəricidən söhbət gedir. Burada ən yüksək nəticə göstərənlərin 8-10 faizə qədər olduğunu görürük ki, məncə, bu, kifayət qədər yüksək göstəricidir.
Bu, hər il minlərlə şagird deməkdir. Bunu 5 və ya 10 il üzrə hesablasaq, düzgün şəkildə yanaşdığımız təqdirdə qarşımıza çıxan istənilən yeni problemi həll edə biləcək kifayət qədər sayda insanımızın olacağı deməkdir. Digər tərəfdən isə dinamikanı görürük, yəni vəziyyət yaxşılaşır".