BAKI, 17 sentyabr. TELEQRAF

“Dini abidələr memarlıq irsimizin ən mühüm hissəsidir”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” konfransında deyib.

O bildirib ki, Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin qorunması istiqamətində mühüm işlər görülür.

“Tədqiqatlar davam etməlidir. Çünki hələ demək olmaz ki, biz hər şeyi bilirik, hər şeyi öyrənmişik. Yeni aşkar olunan abidələr siyahıya daxil olunur. Amma bu daxilolma zamanı, onların müzakirəsi zamanı bir sıra faktlar da ortaya çıxır.

Dini abidələrdə təmir və yenidənqurma işi, əlbəttə ki, memarların iştirakı ilə həyata keçirilməlidir ki, biz tarixi irsimizi, məscidlərimizin memarlıq simasını itirməyək”, - G.Məmmədova qeyd edib.