BAKI, 17 sentyabr. TELEQRAF

“Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, dövlət başçısının sərəncamları ilə ötən il Nardaran qəsəbəsindəki Pirəsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işləri üçün vəsait ayrılıb:

“Artıq Pirəsən ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib. Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb”.

O qeyd edib ki, hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının bir daşıyıcısıdır.