BAKI, 17 sentyabr. TELEQRAF
Bakının Qaradağ rayonunda toy məclisindən çıxan 50 yaşlı kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayı qarşısında baş verib.
1976-cı il təvəllüdlü Aslan Babayev (ad-soyad şərti verilib – red.) şadlıq sarayının qarşında nalayiq ifadələr işlədib və polis əməkdaşlarına qarşı tabesizlik göstərib.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
İş üzrə izahat verən Babayev izahatında göstərib ki, “Dəniz Palace” şadlıq sarayında toydan çıxıb: “Özüm ilə birlikdə 2 oğlum restoranın qarşısında dayanmışdıq. 1 oğlum içkili olub, digəri isə namaz qılan olduğu üçün içki qəbul etməyib. Həmin ərazidə içkili olan oğlum biraz səs-küy saldı”.
Araşdırma zamanı məlum olub ki, Babayev həmin gün sərxoş vəziyyətdə olub və səs-küy salıb. Ərazidə olan polis əməkdaşları Babayevə yaşca böyük olduğunu nəzərinə çatdıraraq onu və yanındakıları sakitləşdirməyə çalışıblar. Amma onlar sakitləşməyiblər.
Bu zaman Babayevi avtomaşına əyləşdirmək istəyən zaman polisin göstərişinə məhəl qoymayıb, xidməti avtomobilinin qapısını açaraq oranı tərk etməyə cəhd göstərib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.