BAKI, 16 aprel. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXX turunda baş verənlərə görə "Səbail", "Sumqayıt" və "Kəpəz" klublarını cəzalandırıb.

Teleqraf xəbər verir ki, "dənizçilər" evdə "Qarabağ"a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra meydançaya kənar şəxslərin daxil olması səbəbindən 800 manat cərimələnib.

"Kimyaçılar" evdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları görüşdə qonaq komandanın fotoqrafının zonalar üzrə qaydanı pozduğuna görə 500 manat ziyana düşüb.

Gəncə təmsilçisi isə evdə "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə etdikləri matçda azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirdiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 500 manat cərimə edilib.