BAKI, 29 sentyabr. TELEQRAF
İstanbulun mühüm elm, mədəniyyət və bilik mərkəzlərindən biri olan tarixi Rami Kitabxanasında Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinə həsr olunmuş xüsusi “Azərbaycan bölməsi” yaradılıb.
Teleqraf xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında yaradılan bölmədə Azərbaycanın qədim və zəngin tarixini, dövlətçiliyini, çoxəsrlik mədəni irsini, ədəbiyyat və incəsənətini, musiqisini, görkəmli şəxsiyyətlərini, eləcə də müasir inkişafını əks etdirən 700-dən artıq kitab və nəşr oxucuların istifadəsinə təqdim olunub.
Sentyabrın 29-da kitabxanadakı “Azərbaycan bölməsi”nin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Rami Kitabxanasının müdiri Ali Çelik İstanbulun mühüm elm, mədəniyyət və bilik mərkəzlərindən biri olan bu bu mərkəzin zəngin kitab fondu, çoxsaylı oxucu auditoriyası və müxtəlif mədəni-maarif tədbirləri ilə seçildiyini bildirib.
Ali Çelik Rami Kitabxanasında qardaş Azərbaycanla bağlı nəşrlərə böyük ehtiyac olduğunu qeyd edərək, Türk Dünyası şöbəsi çərçivəsində yaradılan “Azərbaycan bölməsi”nin kitabxana oxucularının Azərbaycanı daha yaxından tanımalarına mühüm töhfə verəcəyini vurğulayıb. O, bu bölmənin Azərbaycan haqqında kitabların oxucular üçün əlçatanlığını artırmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi və mədəni bağların kitab vasitəsilə daha da möhkəmləndirilməsinə xidmət edəcəyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə çıxışlnda kitabın xalqlar və mədəniyyətlər arasında ən möhkəm körpülərdən biri olduğunu bildirib.
Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu formalaşmış tarixi və mənəvi bağların daha da möhkəmləndirilməsi, ortaq dəyərlərin və zəngin mədəni irsin geniş oxucu auditoriyasına çatdırılması istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. O, Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasını bu istiqamətdə həyata keçirilən mühüm mədəni layihələrdən biri kimi səciyyələndirib. Mərkəzin direktoru bildirib ki, layihənin reallaşdırılmasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da dəstək göstərib. Bu dəstək çərçivəsində Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli irsi ilə bağlı zəngin kitab kolleksiyası Türkiyəyə göndərilərək Rami Kitabxanasının fonduna təqdim olunub.
Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Zamin Əliyev çıxışında Azərbaycan ilə Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışaraq, mədəni və humanitar əlaqələrin daim inkişaf etdiyini bildirib. O, Rami Kitabxanasında Azərbaycanla bağlı xüsusi bölmənin yaradılmasını İstanbulda Azərbaycanla bağlı nəşrlərə olan oxucu tələbatının qarşılanması baxımından əhəmiyyətli addım kimi dəyərləndirib.
İstanbulun Eyüpsultan rayonu üzrə kaymakamı Arslan Yurt və Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı da çıxış edərək ölkələrimiz arasındakı tarixi bağlara toxunublar.
Mərasimdə İstanbulun Eyyüpsulan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen də iştirak edib.
“Azərbaycan bölümü”ndə Azərbaycan, türk və ingilis dillərində nəşr olunan kitablarla yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti, musiqisi, milli-mədəni irsi, folkloru və görkəmli şəxsiyyətləri haqqında müxtəlif nəşrlər yer alır. Zəngin kitab kolleksiyası Azərbaycanı daha yaxından öyrənmək istəyən tədqiqatçılar, tələbələr, elm və mədəniyyət xadimləri, eləcə də geniş oxucu auditoriyası üçün mühüm mənbə rolunu oynayacaq.
Qeyd edək ki, Rami Kitabxanasında yaradılan “Azərbaycan bölümü”nün gələcəkdə də Azərbaycanla bağlı yeni nəşrlərlə mütəmadi olaraq zənginləşdirilməsi nəzərdə tutulur.
Yeni bölmə Azərbaycan haqqında elmi, ədəbi və mədəni məlumatların daha geniş oxucu auditoriyasına çatdırılmasına, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Türkiyədə daha yaxından tanıdılmasına, eləcə də iki qardaş ölkə arasında mədəni və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.