BAKI, 29 sentyabr. TELEQRAF
Türkiyə klublarından "Fənərbağça" stadionunun yenilənməsi və tutumunun artırılması ilə bağlı layihənin maliyyə detalları açıqlanıb.
Teleqraf xəbər verir ki, klubun rəhbər şəxslərindən Nihat Özbağı növbəti mərhələdə həyata keçiriləcək işlərlə bağlı məlumat verib.
Bildirilib ki, layihənin memarlıq, dəmir-beton və statik işlərinin hazırlanmasına təxminən 1 milyon avro xərclənib. Bu məbləği Nihat Özbağı qarşılayacaq.
Stadionun tutumunun artırılması və yenilənməsi üçün tikinti xərclərinin isə 50 milyon avro olacağı açıqlanıb. Bu vəsait "Fənərbağça" tərəfindən qarşılanacaq.
Klub tikinti xərclərini yeni dövrdə kombinə və lojaların satışından, həmçinin sponsorluq gəlirlərindən əldə olunan vəsait hesabına maliyyələşdirməyi planlaşdırır.
Layihənin tamamlanmasından sonra "Fənərbağça"nın stadionundan əldə olunan illik gəlirin 25 milyon avro artacağı gözlənilir.
Yenilənmədən sonra stadionun tutumunun 64 min nəfərə çatdırılması planlaşdırılır. Layihə çərçivəsində qapı arxalarında 44 yeni loja, yüksəldiləcək qüllələrdə isə 8 loja yaradılacaq.
Nihat Özbağı işlərin oyunların keçirilməsinə mane olmayacağını da bildirib.