
BAKI, 6 aprel. TELEQRAF
“Ağır oyun oldu”.
Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis əks hücumlara bel bağladıqlarını bildirib: “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ağır oyun oldu. “Qarabağ” səfəri heç vaxt asan keçmir. Həmçinin rəqib ən optimal heyətlə oynadığından işlərimiz daha da çətinləşmişdi. Futbolçularım ilk saniyədən sona qədər qorxmadılar, yaxşı mübarizə apardılar. Matçdan əvvəl də bəlli idi ki, üstün tərəf “Qarabağ” olacaq. Çalışırdıq müdafiə olunaq, əks- hücumlara bel bağlayırdıq. 5-ci oyundur ki, Ağdam təmsilçisi bizə standart vəziyyətdən 9-cu qol vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik, bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Qarşıdakı matçlara baxacağıq, vacib görüşlərə var gücümüzlə hazırlaşacağıq".
O, 90+9-cu dəqiqədə penaltini qaçıran Qismət Alıyevi bağışlayacağını deyib: "Niyə bağışlamaq olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyil idi. "Qarabağ" böyük təzyiqlə oynayır. Buradan bir xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm".
Baş məşqçi penalti zərbələri üçün xüsusi məşqin olmadığını vurğulayıb: "Penaltinin xüsusi məşqi yoxdur. Oyun olsun və təzyiq zamanı vursun. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət Alıyev də yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiqi var idi. O, komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm".
Rəşad Sadıqov komandasının stabilliyi barədə danışıb: "Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir".
O, "Zirə"nin Avrokuboklara vəsiqəni rəsmiləşdirmədiyini açıqlayıb: "Bir şey bitməmiş, rəsmiləşməmiş danışmıram. Özümüzə və rəqiblərə qarşı doğru olmazdı. Avrokubokları təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm Avrokubokların birinci oyunu nə vaxtdır".