LƏNKƏRAN, 31 mart. TELEQRAF

1918-ci ilin mart qırğınları Lənkəran qəzasından da yan keçmədi. Şamaxıda, Qubada və Bakıda minlərlə azərbaycanlını qətlə yetirən erməni quldurları bu dəfə Lənkəranı hədəf seçmişdilər. 17 mart 1918-ci ildə milyonçu Hacı Zeynəlabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya aparan, şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin buna bəhanə oldu.

Bakıya çatan “Evelina” gəmisindəki 48 nəfərlik kiçik dəstə bolşeviklər və erməni quldur birləşmələrini narahat etdi. Dəfn mərasimindən sonra gəmidə olan heyət Lənkərana qayıtmalı idi. Gəminin körpüdən ayrılmasına az qalmış bolşeviklər silahlı müdaxilə edərək gəmidəki dəstənin tərksilah olunmasını tələb etdi. Gəmi heyətinin rədd cavabından sonra bolşevik-daşnak qüvvələri pulemyot və tüfənglərdən atəş açaraq gəmini ələ keçirdi və gəmidə olan silahlar müsadirə olundu.

Bu hadisəni fürsət bilən ermənilər Rus Milli Şurası, Xəzər matrosları, Eser və Menşevik partiyaları arasında qəsdən yalan məlumat yaydılar ki, guya “Evelina” gəmisindəki zabitlər Lənkəranda müsəlman hərbi birləşmələri ilə birləşərək Muğandakı rus-malakan kəndlərini məhv etmək üçün tapşırıq alıblar. Nəticədə Bakıda yaşayan qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr Lənkəranda soyqırım törətmək üçün bəhanə əldə etdilər.

Ermənipərəst Şivkunovun başçılıq etdiyi quldur dəstəsi Lənkəran xanı Mirəhməd xanın evini ələ keçirərək qərargah kimi istifadə etdi. Şivkunovun dəstələri kəndlərdə silahlı müqavimət olduğunu iddia edərək Sütəmurdov kəndini bir neçə gün müntəzəm atəşə tutdu, yanğın və talanlar törətdi. Həmin vaxt 13 nəfər Sütəmurdov ağsaqqallar Şivkunovun yanına gedərək atəşi dayandırmasını xahiş etdilər. Lakin Şivkunovun əmri ilə onlar girov götürüldü və bununla da vəziyyət daha da gərginləşdi.

Daha sonra əsgərlər Sütəmurdov kəndinə hücum edərək əhalidən silahlarını təhvil verməyi tələb etdilər. Bununla razılaşmayan kənd camaatı ilə əsgərlər arasında toqquşma baş verdi. Atışma nəticəsində iki əsgər öldürüldü. Bu hadisəyə cavab olaraq Şivkunov girov götürülmüş 13 ağsaqqalın başlarının kəsilməsi əmrini verdi.

Qətlə yetirilən Sütəmurdov ağsaqqallarının cəsədləri gizlicə Lənkərançayın Xəzər dənizinə qovuşduğu, indi Dəhnə adlanan ərazidə basdırıldı. Kənd sakinləri bu dəhşətli hadisədən bir neçə gün sonra xəbər tutdular və meyitləri həmin yerdən çıxararaq kənd qəbiristanlığında dəfn etdilər. Kənd sakinləri cəsədləri yalnız əlamətlərindən tanıya bilmişdilər.

Öldürülən ağsaqqallardan bir biri kənd sakini Hacı Fəxri Sadıqovun babası idi. Hacı Fəxri Sadıqov Teleqraf-ın müxbirinə olanları belə təsvir edir: "Orada olan kənd ağsaqqallarından biri ancaq ağ libas geyinərdi, digəri həmişə quzu dərisindən olan buxarı papaq qoyardı. Mənim babam Şeyx Ənnağı Məşədi Əbdülhüseyn oğlu isə yaşlı kişi idi və həmişə saqqalına həna qoyardı. Onları məhz bu əlamətlərinə görə tanıya bildilər."

1918-ci ilin mart soyqırımları zamanı Lənkəran qəzasında böyük qırğınlar baş verdi. Həmin dövrdə 40-dan artıq kənd yandırıldı, yüzlərlə dinc sakin qətlə yetirildi. Gərmətük kəndində bir gün ərzində 70-ə yaxın, Mamustada 30-a yaxın, Kərgəlanda 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-yə yaxın dinc sakin qətlə yetirilmişdi. Lənkəran şəhər və ətraf kəndlərin əhalisi Osakücə meşəsinə qaçaraq orada sığındı. Lakin geri qayıdanda evlərin top mərmiləri ilə dağıdıldığını, dükanların talan edildiyini gördülər. Öldürülmüş insanların meyitləri dənizə atılmışdı.

Şivkunovun başçılıq etdiyi quldur dəstəsi erməni daşnakları ilə birləşərək hərbi paroxodlardan Lənkəranı atəşə tutmuşdu. Nəticədə Kiçik Bazar Məscidinin divarının bir hissəsi dağıdmışdı. Erməni daşnakları əsir götürdükləri sakinlərin kürəklərinə qaynar samovar bağlayaraq yeriməyə məcbur edirdilər. Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərsə də, Şivkunov kənd qəbiristanlığında öldürülən əsgərinin qatilinin tapılmayacağı təqdirdə atəşkəsin olmayacağını bildirdi. Bu səbəbdən kənd iki gün boyunca ağır top atəşinə tutuldu.

Erməni daşnakları kənddə gizlənən 7 nəfər cavanı taparaq sorğu-sualsız güllələdilər. Lənkəran qəzasında tanınan ağsaqqallar ya öldürülür, ya da dəhşətli işgəncələrə məruz qalırdı. Şivkunov və Əmiryanın törətdiyi qanlı cinayətlərə isə yalnız Nuru paşanın rəhbərlik etdiyi "Qafqaz İslam Ordusu" müdaxilə edərək son qoydu. Lənkəran qəzasına gələn ordunun bölməsinə Camal Yusuf paşa komandanlıq edirdi.

Erməni daşnakları Lənkəranda törətdikləri qırğınlardan sonra gəmilərlə Astaraya doğru hərəkət edərək oranı hərbi gəmilərdən atəşə tutdular. Camal Yusuf paşanın rəhbərlik etdiyi qoşunlar düşmənin sahilə çıxmasına imkan vermədi. Kəndin tanınmış şəxslərindən Hacı Osman da Camal Yusuf paşa ilə birlikdə döyüşlərdə iştirak edirdi. Hacı Osmanın nəticəsi hazırda Pensər kəndində yaşayan İntizar Mürsəlov həmin döyüşlərdən Teleqraf-ın müxbirinə danışaraq bildirdi ki, Camal Yusuf Paşa tez-tez “mənə gavur gülləsi dəyməz" deyirdi, lakin erməni quldur dəstələrinin kəşfiyyat məlumatı əsasında Kolatan kəndində top atəşi nəticəsində ağır yaralandı.

İntizar Mürsəlov ulu babası və Camal Yusif paşanın ölümünün xəyanət nəticəsində mümkün olduğunu bildirir: “Kəşfiyyatçılar Camal Yusuf paşanın və Hacı Osmanın yerini müəyyən edib məlumatı gəmilərinə ötürdülər. Həmin dövrlərdə Astaranın imkanlı şəxslərindən olan Kərbəlayi Bayramın malikanəsi gəmidən atılan top mərmisi ilə dağıdıldı və orada olan Hacı Osmanla Camal Yusuf paşa ağır yaralandı. Yaralı vəziyyətdə qərargaha aparılan Camal Yusuf Paşa "Mənə kafir gülləsi dəyməzdi, əgər namərdlər yerimi deməsəydilər" dedi. Camal Yusuf Paşa ilə bir yerdə ağır yaralanan Hacı Osman isə vəsiyyət etdi ki, onu atasının tikdirdiyi məscidin həyətində dəfn etsinlər. Onların hər ikisi kəndə aparılarkən yolda aldığı yaralardan şəhid oldu və vəsiyyətə uyğun olaraq Pensər kəndində, Hacı Teymur məscidinin həyətində dəfn edildilər.

Nəticəsinin dediyinə görə soyqırımla bağlı məsələlər uzun illər boyunca gizli saxlanılmışdır: “ Ancaq Sovet hakimiyyəti dağıldıqdan sonra mən ulu babamın və Camal Yusuf Paşanın məzarlarını tapdım”.

Hər iki qəhrəmanın məzarına öz vəsaiti hesabına başdaşı qoyduran İ.Mürsəlov dəfələrlə müraciət etdikdən sonra 2 dekabr 2016-cı ildə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə məzarlar bərpa olundu və məzarların üzərində Azərbaycan və Türkiyənin bayraqlar dalğalandırıldı.

Məhəmməd Əmin Rəsulzadə də öz əsərlərində Astara mahalında bir türk zabitinin qətlə yetirildiyini və məhz Bütəsər kəndi ərazisində dəfn edildiyini qeyd edib. Bu, Camal Yusuf Paşanın şəhid olduğu yerin tarixi təsdiqi hesab olunur.