BAKI, 6 mart. TELEQRAF

44 günlük Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növündə mübarizə aparacaq.

Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Rzayev gündəlik məşqlərdə iştirak edir, öz bacarıqlarını inkişaf etdirir.

Paralimpiyaçı, həmçinin “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb. Onun yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün MPK ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.