BAKI, 6 mart. TELEQRAF

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müavini Sarvan Cəfərov ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı aqrar sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir və görüşlərin keçirilməsinin vacib olduğunu qeyd ediblər.

Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.