TBİLİSİ, 6 mart. TELEQRAF

Pakistan İslam Respublikası iqamətgahı Bakı şəhərində olmaqla Qasım Mohiuddini Gürcüstana səfir təyin edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yeni səfirlə görüş keçirib.

Tərəflər Gürcüstan və Pakistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyi, o cümlədən işgüzar dairələr arasında əlaqələrin və investisiya sahəsində tərəfdaşlığın aktivləşdirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələsinə də toxunulub, turizm prioritet istiqamətlərdən biri kimi adlandırılıb.

Söhbət zamanı iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək formatında əməkdaşlığın başlanması müsbət qiymətləndirilib. Görüşdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

Qeyd edək ki, Qasım Mohiuddin 2024-cü ilin avqustunda Pakistanın Azərbaycandakı səfiri vəzifəsinə təyinat alıb.