
TBİLİSİ, 6 mart. TELEQRAF
Gürcüstanın işğal altında olan Abxaziya bölgəsinin sakinlərinə Rusiya pasportlarının verilməsi prosesi maksimal olaraq sadələşdiriləcək.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu məsələnin Rusiya dövlət başçısı üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
“Pasportlaşdırma məsələsi çox vacibdir. Bu proses sürətləndiriləcək və təkmilləşdiriləcək”, - D.Peskov söyləyib.
Qeyd edək ki, 2023-cü ildən Moskva və Suxumi arasında ikili vətəndaşlıq haqqında saziş qüvvədədir. Sənədə əsasən, Abxaziya pasportlarının sahibləri Rusiya vətəndaşlığını sadələşdirilmiş rejimdə əldə edə bilirlər.
Abxaziya pasportu ilə Rusiya və separatçı regionu tanımış dörd ölkədən başqa heç yerə səfər etmək mümkün deyil.
Hazırda Abxaziya əhalisinin 70%-dən çoxunun Rusiya pasportuna sahib olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Abxaziyadakı separatçı rejimin lideri Badra Qunba Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, arzu edənlərin hamısı Rusiya pasportu almaq imkanından yararlana bilməyib.
Gürcüstan XİN Putin-Qunba görüşünü qınayaraq bunu Gürcüstan ərazilərinin ilhaqı istiqamətində növbəti addım və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.