BAKI, 6 mart. TELEQRAF

"Ötən ilin dekabrında I kateqoriyaya yüksəlmişdim. Bu səbəbdən, qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim".

Teleqraf xəbər verir ki, bunu FİFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat almasını AFFA-nın rəsmi saytına şərh edərkən deyib.

O, sevinclə qarşıladığı təyinatın çox vacib adlandırıb: "Bu, əsas millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ikinci böyük turniridir. Bu, həm də bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11 - 28 iyunda 16 ölkənin iştirakı ilə təşkil olunacaq. I kateqoriyaya malik Elçin Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri olacaq.