
BAKI, 6 mart. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Böyük Britaniyanın milli təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddiaları rədd edib.
Teleqraf xəbər verir ki, diplomat Londonun ittihamlarını təkzib edərək, Britaniyanın İran və Qərbi Asiya regionuna qarşı “qeyri-konstruktiv yanaşmalar”ına son qoymağa çağırıb.
“Londonun İranın Britaniyanın təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddiaları əsassızdır”, - Bəqayi deyib.
Xatırladaq ki, Britaniya bundan əvvəl kəşfiyyat xidmətləri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da daxil olmaqla, İranı Xarici Təsirlərin Qeydiyyatı Sxeminə (FIRS) daxil edəcəyini açıqlayıb.
FIRS Britaniyanın siyasi sisteminin xarici təsirlərə davamlılığını artırmaq üçün nəzərdə tutulmuş sxemdir. Bildirilib ki, Britaniya bu yolla milli təhlükəsizliyə təhdid yaradan bəzi xarici qüvvələr və təşkilatların fəaliyyətlərinə daha çox diqqət ayırmaq niyyətindədir.