
BAKI, 6 mart. TELEQRAF
Son illərdə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Lakin düşünürəm ki, bu, hədəflərimizdən aşağıdır".
Teleqraf xəbər verir ki, bu fikirləri “The Astana Times” nəşrinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.
2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında hədəflədiyimiz ticarət dövriyyəsinin yarısına nail olunub. 533 milyon dollar ticarət əməliyyatı aparılıb. Bu da 1 milyard dollarlıq ticarət hədəfinin yalnız yarısıdır.
"Görülən tədbirlər artıq nəticə verir. Bu rəqəmləri daha da artırmaq üçün bu gün son dərəcə əlverişli şərait mövcuddur. Möhkəm hüquqi baza yaradılıb və ən əsası, hər iki tərəfdə güclü siyasi iradə var", – deyə o bildirib.
Nəşr qeyd edib ki, Qazaxıstan Azərbaycana dəyəri 340 milyon dollardan çox olan 130 adda qeyri-xammal məhsulunun ixracını artırmağa hazırdır.
Qazaxıstanın Azərbaycana ixrac etdiyi məhsullara əlvan metallar, xam neft, neft məhsulları və elektrik mühərrikləri və qurğuları üçün ehtiyat hissələri daxildir. Azərbaycan isə Qazaxıstana nəqliyyat üçün gəmilər, mineral sular, tekstil məhsulları, polietilen, tikinti materialları və meyvə-tərəvəz kimi müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edir.