
BAKI. 6 mart. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyo ilə müqaviləni uzada bilər.
Teleqraf "AS" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik 62 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın göstərdiyi nəticələrdən razıdır. Bu səbəbdən, tezliklə portuqaliyalı baş məşqçiyə yeni sözləşmə təklif olunacağı gözlənilir. Mourinyonun hazırkı anlaşması 2026-cı ilin yayında başa çatmalıdır.
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça"ya 2024-cü ilin iyulunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında İstanbul komandası 42 oyundan 27 qələbə, 10 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb. 25 turdan sonra bu klub 61 xalla 2-ci yerdə gedir və lider "Qalatasaray"dan 4 xal geri qalır. Bu gün "Fənərbağça" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Şotlandiya "Reyncers"ini qəbul edəcək.