
BAKI, 6 mart. TELEQRAF
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev Premyer Liqada XXV turun "Kəpəz" - "Neftçi" oyunu ilə əlaqədar Teleqraf-a sensasion müsahibə verib.
Sabiq yarımmüdafiəçi paytaxt təmsilçisinin ölkə kubokunda mübarizədən kənarlaşdırdığı Gəncə komandasına Premyer Liqa qarşılaşmasında 0:1 hesablı məğlubiyyətini birmənalı qarşılamayıb. O, hətta matçın nəticəsinin şübhəli olduğuna da eyham vurub.
- “Neftçi”nin Tovuzda “Kəpəz”ə məğlub olması sizin üçün nə dərəcədə gözlənilən idi?
- “Neftçi” sabit oynamır. Kubok matçında iki oyun qalib gəlir, üçüncüdə məğlub olur. Bilirlər ki, çempionatdan avrokuboklara gedə bilməyəcəklər, ona görə kuboka kökləniblər. Oyun haqqında deyiləsi çox şey yoxdur. “Neftçi”nin ən zəif oyunlarından biri oldu.
- "Neftçi"nin Azərbaycan Kubokunun 1/4 final mərhələsində hər iki görüşdə udduğu "Kəpəz"ə cəmi 5 gün sonra uduzmasında şübhəli məqamlar ola bilərmi?
- Neçə ildir ki, futboldayam. Elə şeylər də olur. Deyə bilər ki, kuboku sən mənə ver, çempionatda 3 xalı mən sənə verim. Qalsın onların insafına. Biz bu barədə proqnoz verə bilmərik ki, belə şey ediblər, ya yox.
- Məgər danışılmış oyunun baş verməsi mümkündür?
- II və I Liqada danışılmış oyunlar varsa, deməli, Premyer Liqada da mövcuddur. Sadəcə, bilmirəm nə mane olur. İndiki AFFA rəhbərliyindən asılı olan şeylərdir, illərdir yığılıb qalıb. Elə bu yaxınlarda “Şamaxı”dan Adil Nağıyev və Giorgi Kantariyanı xaric etdilər. Bunlar varsa, demək, kökü hələ qalır. Onları futboldan silmək yox, birbaşa tutub içəri salmaq lazımdır. Bu, cinayətdir, idmanı ləkələməkdir.
- “Şamaxı”nın özü AFFA-ya fakt göndərdi, bəs digərlərində varsa, bilərəkdən susurlar?
- Danışana heç kim iş vermir. Ona görə hamı qorxduğundan susur ki, qoy, işimi görüm. Biz “Kəpəz”in içərisində olan problemləri danışdıq, bizə demaqoq dedilər. “Şamaxı” da indi hər şeyi demirsə, jurnalistlər gedib danışdırsınlar ki, nədir bu? Soruşmalıdırlar ki, iki nəfər oyunun taleyini həll edə bilməz, bununla bitmir. Bir dəfə danışılmış oyunlara getdinmi, həmin məşqçi və ya futbolçu olur “kəbinli arvad”. Qara oyunları oynayan adamın qulu, nökəri olursan.
- Konkret, “Neftçi”nin “Kəpəz”lə görüşünün danışılmış olmasını hiss etdinizmi?
- Danışılmış oyunu onların boynuna qoya bilmərik. Bunun üçün fakt, sübut lazımdır. AFFA-nın nəzdində bu məsələlərlə məşğul olan şöbə var. Onlar oyunları nəzarətdə saxlayır, analiz edir və nəticələr çıxarırlar. Təəssüf ki, AFFA-dan da səs-soraq çıxmır, heç nə demirlər, oyunu düzgün analiz etmirlər. Oradakılar yeni rəhbərliyin kadrları deyil, əvvəldən qalıb işləyənlərdir.
- Onda bu nəticəni Samir Abasovun uğursuzluğu, yoxsa, Azər Bağırovun uğuru saymaq olar?
- Hər ikisinin də uğurudur. Biri kubokda onu keçdi, bu da çempionatda xal verdi. Xal verdi, ya vermədi deyə bilmərəm, özləri bilər. İki oyun ard-arda “Kəpəz”i udur, sonra çempionat oyununda uduzur. Özü də çox biabırçı şəkildə uduzur. Zərrə qədər döyüşkənlik yoxdur. Oyun bitdikdən sonra futbolçuların üzünə baxdınızmı? Sanki “Neftçi” məğlub olmayıb. Uduzan komanda heyfsilənir, əsəbiləşir, emosiyasından bilinir. Sadəcə, çox pis! Adam bilmir nə ad qoysun.
- Bəs bunu sübut etmək mümkün deyil?
- Bu barədə çox danışaram. Bəzi şeyləri AFFA-ya gedib oradakılara demişdim. Özləri də təsdiqlədilər ki, hə, var. 2-3 oyunçuya inamsızlıq görürük. Dedim, yaxşı, bunu özüm gedib tutmalıyam? Niyə tutmursunuz? Çünki heç kimə sərf etmir.
- Sizin vaxtlarınızda da danışılmış oyunlarla bağlı bu cür vəziyyət yaranırdı?
- Bu, ümumiyyətlə, idmanın bir bəlasıdır. Biz oynayan dövrlərdə bu cür deyildi.
- Amma vaxtilə “Neftçi” bu cür şübhələrə tuş gəlib...
- O vaxtlar “Neftçi”də oynayan dönəmlərimdə bir haqq-hesab olmuşdu. 1980-ci illərdə, SSR vaxtında oldu, üstü açıldı. Amma üstündən elə sakitcə keçdilər ki, sanki belə bir şey olmamışdı. Adlarına kimi vardı, kimlərdir. Pul olan yerdə əclaflıq da çoxdur. Matça baxanda da görürsünüz ki, bu, “Neftçi”nin oyunu deyil. Biz dəqiq söyləmirik, sadəcə, fərziyə olaraq deyə bilərik.