
BAKI, 24 fevral. TELEQRAF
“Təəssüf ki, qələbə qazanmalı olduğumuz oyunlarda xal itirdik. Amma növbəti oyunlarımızda uğurlu çıxış edəcəyimizə inanıram”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın futbolçusu Abdulax Xaybulaev Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi “köhlən atlar”la qarşılaşmada bəxtlərinin gətirmədiyini qeyd edib: “Açığı, oyun barədə danışmaq çətindir. Bu cür qarşılaşmalardan sonra məşqçilər heyəti daha geniş şərh verə bilir. Mənim də, komanda yoldaşlarımın da təhlükəli vəziyyətləri oldu. Bu hava şəraitində oynamaq o qədər də çətin deyildi. Düzdür, qar yağırdı, ikinci hissədə bir az intensivləşdi. Amma külək olmadığına görə o qədər də maneə yaratmırdı. Bəzən güclü külək oyunun gedişatına təsir edir, amma bu dəfə elə deyildi. Rəqib də, biz də istəkli idik. Düşünürəm ki, heç-heçə normal nəticə oldu”.
Xaybulaev qarşıdan gələn “Sumqayıt”la kubok görüşünə yaxşı hazırlaşacaqlarını bildirib: “Düzdür, birinci görüşdə qolsuz bərabərə qaldıq. Amma qol şanslarımız çox idi. Təəssüf ki, yararlana billmədik. Bu oyuna eyni qaydada hazırlaşırıq. İlk görüşdəki kimi istəklə çıxıb lazım olanı meydanda tətbiq etsək, yaxşı nəticə olar. İrəlidə çempionatın 12 turu var. Təbii ki, əvvəlki oyunlarda olduğu kimi, yalnız qələbə, yalnız 3 xal üçün meydana çıxacağıq. Avrokuboklara vəsiqə üçün hər iki cəbhədə əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” 24 turdan sonra 33 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır. Masazır təmsilçisi fevralın 27-də Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündə “Sumqayıt”ın qonağı olacaq.