
BAKI, 25 fevral. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri iki məsələ ilə bağlıdır. Bunlardan biri ABŞ ilə aparılan Ukrayna prosesi, digəri Suriyadakı hadisələrdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi deyib.
Onun sözlərinə görə, Rusiya Əhməd Şəra administrasiyası ilə əlaqə qurmaq istəyir:
“Suriya xarici işlər naziri Şibaninin həmin gün Ankarada olması təsadüfi deyildi. Putinin istəyi ilə Dəməşqdə iqtidar dəyişikliyindən sonra rus qoşunlarının hücuma məruz qalmadan Suriyanı tərk etməsinə kömək etmişdik.
Dekabrın 7-də Suriya müxalifəti Dəməşqin qapısında olarkən xarici işlər naziri Hakan Fidan Dohada iranlı və rusiyalı həmkarları Əraqçi və Lavrovla üçtərəfli görüş keçirmişdi. Görüş zamanı Əsəd rejiminin yolun sonuna çatdığı aydınlaşınca Lavrov masadan qalxmışdı. Ardınca Putinə zəng vurub bildirdi ki, məsələ bitdi. Ardınca Putin İsrailə zəng edir və söyləyir ki, adamımı (Bəşir Əsədi-red.) oradan çıxarıram, təyyarəsini vurmayın. Dekabrın 8-də isə Əsədin Suriyanı tərk etdiyi açıqlanır.
Lavrovun Ankara səfərinə gəlincə, Ər-Riyadda ABŞ və Rusiya görüşəndə bir rəsmiyə “Türkiyə xaric edilirmi?” sualını vermişdim. Cavabı belə oldu: “Xeyr. Biz bütün proseslərdə iştirak edirik. Xarici səfərlər niyə baş verir, xarici qonaqlar niyə gəlirlər?”.
Lavrovun Hakan Fidanla görüşündə “ABŞ-Rusiya görüşü ilə bağlı məlumat verdim” deməsi bunu təsdiqləyir”.
Selvi hesab edir ki, baş verənlərlə bağlı Ankaranı məlumatlandıran təkcə Lavrov deyil:
“Düşünürəm ki, Zelenskinin Ankara səfəri ilə bağlı rusların bilməli olduğu şeylər Lavrova çatdırılıb. Bağlı qapı diplomatiyası budur.
Hakan Fidanla görüşdən sonra Lavrov Prezident Ərdoğan tərəfindən qəbul edildi. Məni çox maraqlandıran Lavrovun Putindən Ərdoğana özəl mesaj gətirib-gətirməməsidir”.