BAKI, 25 fevral. TELEQRAF

Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-nin xarici siyasətindəki dəyişiklik BMT Baş Assambleyasında öz əksini tapdı.

Teleqraf xəbər verir ki, dünən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında səsverməyə çıxarılan qətnamə rus qoşunlarının dərhal Ukrayna ərazisindən çıxarılmasını tələb edirdi.

Görünməmiş durumun yaşandığı səsvermədə ABŞ Rusiya ilə birlikdə qanun layihəsinin əleyhinə səs verən ölkələr sırasında olub. Vaşinqtonun qərarı diplomatik qalmaqal yaradıb.

Maraqlıdır ki, İsrail də ABŞ ilə birlikdə layihənin əleyhinə səs verib, ənənəvi olaraq BMT qətnamələrində Rusiya ilə eyni mövqe tutan Çin isə bitərəf qalıb. Başqa cür desək, ABŞ rus qoşunlarının Ukraynada qalmasına səs verib, Çİn isə bitərəf mövqe tutub.

Tramp bundan sonra sosial mediadakı paylaşımında üç ildir davam edən Rusiya-Ukrayna münaqişəsinin həlli və iki ölkə arasında “Böyük İqtisadi İnkişaf” təşəbbüsündə rusiyalı həmkarı Vladimir Putinlə sürətlə irəlilədiyini bildirib.

ABŞ prezidenti sahibi olduğu sosial media platforması “Truth Social”da belə yazıb:

“Putinlə müharibənin dayandırılması, ABŞ və Rusiya arasında “Böyük İqtisadi İnkişaf” təşəbbüsləri ilə bağlı ciddi danışıqlar aparıram, çox yaxşı irəliləyirik”.

Müharibəni “amansız və vəhşi” adlandıran Tramp əlavə edib ki, Ukraynadakı durum qarşıdakı G7 toplantısının əsas gündəm bəndi olacaq.

Tramp iddia edib ki, razılaşma sayəsində ABŞ-nin Ukraynaya göndərdiyi milyardlarla dollarlıq yardım geri alınacaq və bu, Ukrayna iqtisadiyyatına töhfə verəcək.

ABŞ prezidenti həmçinin deyib ki, Putin Avropa İttifaqı (Aİ) sülhməramlılarının Ukraynaya göndərilməsini qəbul edəcək.

“Baxın, o (Putin) dünya müharibəsi arxasınca getmir. Mən ona bu sualı (Aİ sülhməramlılarının Ukraynaya göndərilməsi – red.) verdim. Bəli, qəbul edəcək”, - Tramp vurğulayıb.