TBİLİSİ, 25 fevral. TELEQRAF

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili BMT-nin Baş katibi Antonio Quttereşlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Cenevrədə BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə Gürcüstanın BMT və onun təsisatlarının fəaliyyətində iştirakına, eləcə də bu təşkilatın dünyada sülhün və inkişafın təmin edilməsində mühüm roluna toxunulub.

XİN başçısı Gürcüstana göstərdiyi dəstəyə görə baş katibə təşəkkür edib. Söhbət zamanı Gürcüstanın işğal olunmuş rayonlarında vəziyyətə toxunulub, BMT-nin ölkə ilə bağlı qətnamələrinin əhəmiyyəti bir daha vurğulanıb.

Görüşdə dünyada və regionda təhlükəsizlik problemlərinə diqqət çəkilib və bu kontekstdə sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb.

Tərəflər Gürcüstanın iqtisadi inkişafının müsbət dinamikası və onun regiondakı rolunu da nəzərdən keçiriblər.

M.Boçorişvili A.Quttereşi Gürcüstana dəvət edib.