
BAKI, 24 fevral. TELEQRAF
İspaniyanın “Barselona” klubu futbolçusu Lamin Yamalın müqaviləsini yeniləyəcək.
Teleqraf “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı cinah yarımmüdafiəçisi ilə 2030-cu ilə qədər qüvvədə olan sözləşmə imzalayacaq.
Mənbənin məlumatına görə, Yamalın agenti Jorje Mendeş “Barselona”nın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın paytaxtı Lissabonda qarşılaşacağı “Benfika” ilə oyun zamanı klubun prezidenti Joan Laporta və idman direktoru Deku ilə görüşməyi planlaşdırır.
“Benfika” - “Barselona” matçı martın 5-də keçiriləcək.
Qeyd edək ki, Lamin Yamal cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 11 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Onun “Barselona” ilə hazırki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.