BAKI, 25 fevral. TELEQRAF

Almaniyada keçirilən parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqının (CDU) sədri, kanslerliyə namizəd Fridrix Mers Avropa ölkələrini müdafiəni gücləndirməyi sürətləndirməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, ABŞ-nin siyasətində mümkün dəyişiklik kontekstində belə tədbirlərin zəruri olduğunu bildirib.

Mersin fikrincə, ABŞ-nin yeni administrasiyası “Öncə Amerika” şüarı ilə müəyyən edilmiş kursa keçə bilər.

Bu yaxınlarda ABŞ müdafiə naziri Pit Heqset söyləmişdi ki, Avropa liderləri qitənin müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməlidir. Onun sözlərinə görə, buna nail olmaq üçün müdafiə xərclərini indiki 2 faizdən 5 faizə çatdırmaq lazımdır. Mers bu ideyanı dəstəkləyərək, Avropada vəziyyətin kritik olduğunu vurğulayıb. Kanslerliyə namizəd simvolik “Qiyamət saatı”na istinad edərək “gecə yarısına beş dəqiqə” metaforasından istifadə edib.

“İndi Avropada gecə yarısına beş dəqiqə qalır”, - Mers deyib.

Alman siyasətçi həmçinin ABŞ ilə yaxşı münasibətlər saxlamağa çalışacağını, amma ən pis ssenariyə də hazır olduqlarını bildirib.