BAKI, 25 fevral. TELEQRAF

ABŞ-nin yeni administrasiyasının Ukraynaya ikinci dərəcəli məsələ kimi baxması strateji baxımdan səhvdir.

Teleqraf xəbər verir ki, bunu britaniyalı keçmiş deputat Dankan Smit deyib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər birbaşa Tayvana təsir edir:

“Si Cinpin Qərbin xaos içində Əfqanıstanı tərk etməsini gördü, indi də ABŞ-nin Ukraynanı tərk etməyə hazırlaşmasını seyr edir. Məhz buna görə də Çin Moskvanı dəstəkləyir, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın qurulmasına kömək edir, həmçinin Rusiyadan neft-qaz alır”.

Smitin fikrincə, ABŞ Prezidenti Donald Tramp strategiyalarla yox, insanlarla məşğul olur:

“Tramp özünə bərabər hesab etdiyi şəxslərlə, öz gücünü göstərən “güclü liderlər”lə sövdələşməyə getməyi xoşlayır. Bunun bir hissəsi onun eqosundan, bir hissəsi də belə insanların tez qərar qəbul edə bildiyinə inamından irəli gəlir. Yəqin buna görə də o, Kreml diktatoru Vladimir Putin və Çin lideri Si Cinpinə rəğbət bəsləyir. Artıq indi Çinin təsiri genişlənir, demokratiya isə zəifləyir”.

Britaniyalı siyasətçinin fikrincə, Ukrayna çöksə, növbəti hədəf Tayvan olacaq.