BAKI, 4 avqust. TELEQRAF
"Dövlət Proqramına seçilən 500 nəfərin 190-ı qadındır. Bu, çox sevindirici haldır. Biz hər zaman vurğulamışıq ki, əldə etdiyiniz bilik və bacarıqlarla Vətənə qayıdaraq Azərbaycanın inkişafına töhfə verməyiniz ən böyük gözləntimizdir".
Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramının qalibləri ilə görüşdə deyib.
O bildirib ki, əsas gözlənti tələbələrin təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq qazandıqları bilik və təcrübəni ölkənin inkişafına yönəltmələridir.
"Xaricdə təhsil aldığınız müddətdə Azərbaycanın layiqli nümayəndələri olmağınız, qazandığınız uğurlar və əldə etdiyiniz biliklər çox vacibdir. Lakin bütün bunların əsas məqsədi həmin bilik və təcrübəni sonda Azərbaycana gətirmək, ölkəmizin inkişafına xidmət etməkdir.
Dövlət Neft Fondu və digər tərəfdaşlarımızla birlikdə bundan sonra da sizə dəstək göstərməyə çalışacağıq ki, peşəkar inkişafınızı davam etdirəsiniz. Əgər gələcəkdə əlavə təhsil və ya elmi fəaliyyətə ehtiyac yaranarsa və dövlət proqramı bunu nəzərdə tutarsa, həmin imkanlardan istifadə etməyiniz üçün də lazımi şərait yaradılacaq", -Q. Xəlilov qeyd edib.