BAKI, 13 oktyabr. TELEQRAF
Xarici ölkələrdəki məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı qrant müsabiqəsi çərçivəsində ölkəmizdən ilk dəfə Qırğızıstana müəllim göndərilib.
Teleqraf xəbər verir ki, müəllim Ülkər Verdiyeva Bişkekdə Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dilini tədris edir.
Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına diqqət yetirilir. Bununla yanaşı, Azərbaycan dili dərslərində ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı materiallardan istifadə olunur.
Layihənin əsas məqsədlərindən biri şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, Azərbaycan haqqında məlumatlılığın artırılması, dilimizin və mədəni irsimizin tanıdılmasıdır.
Azərbaycandan Qırğızıstana ilk dəfə müəllimin göndərilməsi xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, eləcə də Azərbaycan–Qırğızıstan arasında təhsil və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli addımdır.