BAKI, 11 oktyabr. TELEQRAF
Azərbaycan Konstitusiyasının din və dövlət münasibətləri ilə bağlı 18-ci maddəsində qeyd olunur ki, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qanun qarşısında bərabərdir. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Eyni zamanda vicdan azadlığı ilə bağlı 48-ci maddədə təsbit edilib ki, hər kəsin vicdan azadlığı var. Dövlət müxtəlif təhlükə və təhdidləri nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edə bilər. Ona görə də dinlə bağlı məsələlərə yalnız bir nöqteyi-nəzərdən deyil, həm də dövlət təhlükəsizliyi baxımından yanaşmaq vacibdir.
Bu sözləri Teleqraf-a açıalamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, dünya təcrübəsində ayrı-ayrı dövlətlər müxtəlif təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edirlər.
C.Məmmədov qeyd edib ki, son zamanlar Türkiyədə də təhlükəsizlik səbəbləri ilə ayrı-ayrı dini qruplara qarşı əməliyyatlar həyata keçirilib.
İlahiyyatçı alim vurğulayıb ki, Azərbaycanda da zaman-zaman təhlükəsizliklə bağlı müxtəlif addımların atılmasının və qərarların qəbul edilməsinin hansı zərurətdən irəli gəldiyini ən dolğun şəkildə dövlətin müvafiq qurumları qiymətləndirə bilər.
"Vətəndaşlar proseslərin bütün təfərrüatlarına bələd olmadıqları və mümkün təhlükələri tam görmədikləri üçün məsələyə fərqli prizmadan yanaşa bilərlər. Bu da təbiidir.
Məsələnin dini tərəfinə gəldikdə isə İslam dininə görə, müsəlman qadının hicab örtməsi dini öhdəlik hesab olunur. Əgər kimsə İslamda hicabın vacib buyurulmadığını, yaxud Quranda bununla bağlı ayənin olmadığını iddia edirsə və hicabı sadəcə ərəb geyimi kimi təqdim edirsə, dini baxımdan bu yanaşma yanlışdır. İnsanların dini inancları barədə danışarkən məsuliyyətli olmalı, dini məsələləri bilmədən və ya təhrif edərək fikir bildirməkdən çəkinməliyik. Bu cür yanaşmalarla nə İslama, nə də dövlətçiliyimizə xidmət etmək mümkündür", - C.Məmmədov deyib.
Deputat əlavə edib ki, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarın mətninə diqqət yetirdikdə görünür ki, sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb.
"Qərarla həm təhsilalanlar, həm də təhsilverənlər üçün geyim normaları müəyyənləşdirilir. Eyni zamanda, məktəbə idman üslubunda və açıq-saçıq geyimdə gəlməyə də məhdudiyyət qoyulur.
Başqa sözlə, həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. Bununla belə, həmin qaydaların tətbiqi qüvvədə olan qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun şəkildə həyata keçirilməlidir.
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli dövrlərindən birini yaşayır. Torpaqlarımız cənab Prezidentin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi, qəhrəman şəhidlərimizin qanı bahasına azad olunub.
Bu gün dünyamız ciddi təlatümlər içindədir. Heç vaxt olmadığı qədər təhlükə və sınaqlarla üz-üzəyik. Belə bir şəraitdə birlik və həmrəyliyimizi qorumağa daha çox ehtiyacımız var.
Biz sağlam və normal cəmiyyəti yalnız bir-birimizin inancına, əqidəsinə və düşüncəsinə hörmətlə yanaşdığımız zaman qura bilərik. Buna görə də hər kəs söylədiyi sözlərə və etdiyi çıxışlara diqqətlə yanaşmalıdır. Heç kim nə dindar nə də qeyri-dindar vətəndaşlarımızın heysiyyətinə toxunmamalı, onların dini hissləri ilə oynamamalıdır.
Kiminsə hicaba münasibəti fərqli ola bilər. Bu, onun şəxsi mövqeyidir. Ancaq bir insan İslam dininə etiqad etməyi və ibadəti öz həyat tərzi seçibsə, biz onun seçiminə də hörmətlə yanaşmağı bacarmalıyıq. Bu mənada heç kimin İslamı ələ salmağa, dini inancları təhqir etməyə və ya istehza obyektinə çevirməyə haqqı yoxdur.
İslam dəyərləri barədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxsaylı fikirləri və çıxışları var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bu, həm də Müzəffər Ali Baş Komandanın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin göstəricisidir.
Son illərdə ölkəmizdə dövlət başçısının diqqət və qayğısı nəticəsində çoxsaylı məscidlər yenidən qurulub və bərpa edilib. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.
Hazırkı vəziyyətdə İslam dinini və müsəlmanları aşağılamağın çıxış yolu olduğunu düşünənlər yanılırlar. Belə davranışlar cəmiyyətdə gərginliyi artırır, qarşıdurmaya zəmin yaradır və ölkəmizə fayda vermək əvəzinə zərər vurur. İnanclı insanların heysiyyətinə toxunmaq, onların dini hisslərini təhqir etmək yolverilməzdir. Belə münasibət yalnız birlik və həmrəyliyimizə xələl gətirir.
Biz möhtəşəm qələbəmizə məhz birliyimiz və həmrəyliyimiz sayəsində nail olmuşuq. Heç kimə bu birliyi pozmağa imkan verməməliyik!
Eyni zamanda, inanclı insanlar da bilməlidir ki, bu Vətən hamımızındır, onu göz bəbəyimiz kimi qorumalı, onun həqiqi vətəndaşları olmalı, dövlətimizin möhkəmlənməsi üçün çalışmalıyıq. Dövlətimiz olmasa, müstəqilliyimiz də, azadlığımız da təhlükə altına düşər. Biz bu müstəqilliyə çox böyük çətinliklər bahasına nail olmuşuq, dövlətsizlik ağır dərddir.
Buna görə də heç bir təxribata uymamalıyıq, insanlar arasında qarşıdurma yaratmaq və bir-birimizi təhqir etmək çıxış yolu deyil. İndiki dövrdə hamımız maksimum səbirli və təmkinli olmalı, düşmən dəyirmanına su tökməməliyik".