BAKI, 30 oktyabr. TELEQRAF

“Mühəndislik keçmişimi və elmi fəaliyyətimi nəzərə alsaq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olmaq qürurvericidir və hazırda bütün gücümü universitetin inkişafına sərf etməyə çalışıram”.

Bunu ADNSU-nun rektoru Rüfət Əzizov Teleqraf-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri olacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Rektor bildirib ki, son beş ildə üç fərqli rəhbər vəzifədə çalışıb və bu, böyük etimaddır.

“Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət Universitetinin rektoru olmuşam, hazırda isə ADNSU-nun rektoruyam. Etimad göstərilən yerdə etimadı doğrultmağa çalışırıq.

Dövlət İmtahan Mərkəzinin sədri olacağımla bağlı iddialara gəlincə, bunu mən də mediadan oxudum və başqa heç bir məlumat yoxdur. DİM ölkəmizin şəffaf və yüksək səviyyədə təşkil olunmuş qurumlarından biridir. Bizim bu mərkəzlə çox sıx əməkdaşlığımız var, istənilən problemlərimizə çox operativ reaksiya verirlər və həll yolu tapa bilirlər”, - R. Əzizov qeyd edib.