BAKI, 13 avqust. TELEQRAF
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramının qalibi Nigar Rəhimli Berkli Kaliforniya Universitetində birillik magistratura təhsili alacaq.
O Teleqraf-a danışarkən bildirib ki, təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq hüquq və təhsil sahəsində fəaliyyət göstərməyi planlaşdırır:
“Birillik hüquq üzrə magistr proqramına qəbul olunmuşam. Bakı Dövlət Universitetinin “SABAH” qruplarının Hüquq fakültəsini 2024-cü ildə fərqlənmə ilə bitirmişəm. 2016-cı ildə universitetə 606 balla qəbul olunmuşdum. İxtisasım üzrə bilik və bacarıqlarımı daha da inkişaf etdirməyi hədəfləyirəm. Bu mənim üçün təcrübə, həm də əlaqələr baxımından çox əhəmiyyətlidir. Qayıtdıqdan sonra xüsusilə təhsil sahəsinə yönəlməyi düşünürəm. Hazırda dərslərin hansı tarixdə başlayacağı dəqiq deyil”.
O qeyd edib ki, ailəsində Dövlət Proqramının qalibi təkcə özü deyil:
“Qardaşım da bakalavr pilləsi üzrə 2022-ci ildə Dövlət Proqramının qalibi olub. O, hazırda Texas ştatında “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır”.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Digər qalib Emil Hüseynli isə "İmperial College London"da təhsil alacaq.
“Bu ixtisasa qəbul olunan yeganə namizəd mənəm. Dərslərim 29 sentyabrda başlayır. Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisasına 660 balla qəbul olmuşdum. İndi isə "İmperial College London"da magistratura təhsilimi yüksək göstəricilərlə başa vurmağı hədəfləyirəm”.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində yüksək göstəricilərlə təhsil almaq vacib şərtdir:
“Amma bu, eyni zamanda onun şəxsi məqsədidir. "İmperial College London"da təhsil alan tələbələrin 52 faizi xarici, 48 faizi isə yerli, yəni Böyük Britaniyadan olan tələbələrdir. Mən də belə qarışıq mühiti sevirəm. İngilis dilim də yaxşı səviyyədədir və dərslərdə rahat iştirak edə biləcəyəm”.