BAKI, 27 sentyabr. TELEQRAF
Qəzza zolağında son 48 saat ərzində İsrail ordusunun zərbələri nəticəsində 7 fələstinli həyatını itirib, 38 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin “X” sosial şəbəkəsində yayımladığı məlumatda qeyd olunub.
Bildirilib ki, son 48 saat ərzində Qəzza xəstəxanalarına 7 nəfərin meyiti gətirilib, 38 yaralıya isə tibbi yardım göstərilib. Yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilib. Məlumata görə, ölən və yaralananların əksəriyyəti İsrail qüvvələrinin intensiv atəş açdığı Şeyx Rədvan ərazisi və Nuseyrat qaçqın düşərgəsindən gətirilib.
Nazirliyin məlumatına əsasən, 2025-ci il oktyabrın 11-də atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin hava və artilleriya zərbələri nəticəsində 1 415 nəfər ölüb, 4 953 nəfər yaralanıb.
Qeyd olunub ki, 2023-cü ilin oktyabrından etibarən Qəzzada münaqişənin kəskinləşməsi nəticəsində ölənlərin ümumi sayı 74 016-ya, yaralananların sayı isə 175 068-ə çatıb.