BAKI, 27 sentyabr. TELEQRAF
Belarus BRICS və Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) BMT-nin rəqibi kimi deyil, onun qaçılmaz islahatları üçün katalizator kimi görür.
Teleqraf xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ümumi siyasi debatda bildirib.
O, təşkilatın bu günün reallıqlarına cavab vermədiyini deyib və əlavə edib ki, BMT-yə qarşı tənqidlər hər il artır və bu, əsasən haqlıdır.
Rıjenkovun sözlərinə görə, BMT sistemindən kənarda yeni beynəlxalq qlobal təşəbbüslərin, məsələn, ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının və ya Çin layihəsi olan Süni İntellekt üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının ortaya çıxması qlobal təşkilatın yeni tendensiyalara kor olduğunu təsdiqləyir. Nazir qeyd edib ki, buna görə də bu gün qarşılıqlı fəaliyyətin yeni formatları geniş vüsət alır: BRİKS, ŞƏT və digər regional iqtisadi və siyasi birliklər: "Lakin biz onları BMT-nin rəqibləri kimi deyil, onun qaçılmaz islahatları üçün katalizator kimi görürük".
Rıjenkov deyib ki, Minsk BMT-nin məqsədini bərpa etmək üçün bir həll yoluna malikdir.
"Bu, çox sadədir: ayrı-ayrı ölkələr ortaq təşkilatımızdan öz eqoist məqsədləri üçün istifadə etməyi dayandırmalı və ümumi planetimizin taleyini bütövlükdə nəzərə almalıdırlar", - deyə o izah edib.