BAKI, 27 sentyabr. TELEQRAF

Pakistanın Xayber Paxtunxva əyalətində intiharçı terrorçunun polis məntəqəsinə hücumu nəticəsində 12 nəfər - doqquz kişi, iki qadın və bir uşaq - həlak olub, 35 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Hakimiyyət orqanları ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının olmadığını bildirib.

Partlayış nəzarət məntəqəsinin bir hissəsini və bitişik yaşayış binasını tamamilə dağıdıb. Hücumdan dərhal sonra ərazidə silah səsləri eşidilib. Sonrakı hücum zamanı naməlum şəxslər ölənlərin cəsədlərini çıxaran xilasetmə maşınına atəş açıblar. Silahlılar daha iki xilasedicinin həyatına son qoyub, bir nəfəri isə ağır yaralayıb.

Hücuma görə məsuliyyəti "Təhriki-e-Taliban Pakistan" (TTP; terror təşkilatı kimi tanınır) öz üzərinə götürüb.