BAKI, 27 sentyabr. TELEQRAF
Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qüvvələri arasında 221 döyüş toqquşması qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya tərəfi 289 idarə olunan aviasiya bombası atmaqla 90 hava zərbəsi endirib, 10 489 kamikadze drondan istifadə edib, həmçinin 26-sı reaktiv yaylım atəşi sistemlərindən olmaqla ümumilikdə 2 729 atəş zərbəsi reallaşdırıb.
Öz növbəsində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, raket qoşunları və artilleriyası düşmənin 4 PUA idarəetmə məntəqəsini, 2 artilleriya sistemini və 4 mühüm loqistik obyektini sıradan çıxarıb.
Əsas döyüş əməliyyatları Kostyantınivka və Pokrovsk istiqamətlərində cəmləşib, burada Ukrayna müdafiəçiləri hər bir istiqamətdə rusların 26 hücum cəhdinin qarşısını alıblar. Liman istiqamətində 12, Qulyaypol istiqamətində 6, Slovyanskda 5, Cənubi Slobojansqda isə 4 düşmən hücumu dəf edilib. Diqqətçəkən digər istiqamətlərdə – Şimali Slobojansq, Kupyansk, Kramatorsk, Aleksandrovsk və Orixivdə də rəqibin mövqelərini yaxşılaşdırmaq cəhdləri uğursuzluqla nəticələnib.
Xatırladaq ki, Rusiya qoşunlarının genişmiqyaslı işğalın başladığı 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 27-dək Ukraynadakı ümumi döyüş itkiləri təxminən 1 528 970 nəfər təşkil edir.