BAKI, 3 sentyabr. TELEQRAF
Norveç hakimiyyəti Ukraynanın “Naftoqaz” şirkətinin müraciəti əsasında Rusiyaya məxsus “Professor Molçanov” elmi-tədqiqat gəmisinə həbs qoyub.
Teleqraf xəbər verir ki, bu barədə TASS Şpitsbergen qubernatorunun rəsmi saytında yayımlanan məlumata istinadən xəbər yayıb.
Bildirilib ki, Nord-Troms Dairə Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərarla Şpitsbergen arxipelaqının Barentsburq yaşayış məntəqəsində lövbər salmış “Professor Molçanov” gəmisinə həbs qoyulub.
Gəmiyə Şpitsbergen qubernatorunun müvafiq qərarınadək olduğu yeri tərk etmək qadağan edilib.
Məlumata görə, həbs “Naftoqaz”ın Krımdakı aktivləri ilə bağlı arbitraj qərarının icrasının təmin edilməsi məqsədilə tətbiq olunub.
Qeyd edək ki, “Professor Molçanov” 2025-ci ilin iyunundan Şpitsbergenə müntəzəm yük və sərnişin reysləri həyata keçirir.