BAKI, 2 sentyabr. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Nəbatiyyə vilayətində “Hizbullah”ın möhkəmləndirilmiş mövqelərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Markaziya” agentliyi məlumat yayıb.
Məlumata görə, Əli ət-Tahir yüksəkliklərinə hücum zamanı yeraltı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan raketlərdən istifadə olunub. Zərbələr nəticəsində “Hizbullah”ın silah və sursat saxladığı yeraltı sığınacaq və anbarların əhəmiyyətli hissəsinin məhv edildiyi bildirilir.
Güclü partlayış səslərinin hücum edilən ərazidən onlarla kilometr uzaqda eşidildiyi qeyd olunur.
İsrail ordusunun nümayəndəsi Ella Vaviyanın açıqlamasına görə, avqust ərzində Livanın cənubunda “Hizbullah”a məxsus 400-dən çox hərbi infrastruktur obyekti məhv edilib.