BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ İranın iki tankerinə hücum edib, ümumilikdə isə Amerika hərbçiləri çərşənbə axşamı SEPAH-a məxsus 100-dən çox obyektə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, əməliyyat Vaşinqtonun “tankerə qarşı tanker” prinsipi üzrə yeni taktikasının başlanğıcıdır.

Ağ Ev bu yolla İranın Hörmüz boğazındakı hərbi fəallığının intensivliyini azaltmağa çalışır. "Axios"un yazdığına görə, ABŞ-nin son zərbələri boğazdan keçən ticarət gəmilərinə qarşı təhlükəni ən azı bir ay müddətinə azaltmağa imkan verə bilər.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisində SEPAH obyektləri, hava hücumundan müdafiə sistemləri, radarlar və mina yerləşdirmə vasitələri də daxil olmaqla bir sıra hədəflərə zərbələr endirildiyini açıqlamışdı.