BAKI, 3 sentyabr. TELEQRAF
Argentina çempionatlarının bütün səviyyələrində keçiriləcək qarşıdakı oyunlar Lionel Messinin şərəfinə 10-cu dəqiqədə müvəqqəti dayandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “TyC Sports” Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, eyni addım ölkə kubokunda “Boka Xuniors” və “Veles Sarsfild” komandaları arasında keçiriləcək qarşılaşmada da atılacaq.
Bu qərar 39 yaşlı Messinin Argentina millisində karyerasını başa vurması ilə əlaqədardır. Futbolçu milli komandada 10 nömrəli forma ilə çıxış edib. Ekranların quraşdırıldığı stadionlarda oyunlardan əvvəl Argentina Futbol Assosiasiyasının Messiyə həsr etdiyi videoçarx da nümayiş etdiriləcək.
Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, hər iki göstərici üzrə yığmanın rekordçusudur.
Səkkizqat “Qızıl top” sahibi Argentina ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub. Hazırda Messi ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.