BAKI, 2 sentyabr. TELEQRAF

Vaşinqton İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib.

“Biz bu məsələ ilə bağlı Rusiya və Çinlə çox sakit şəkildə danışıqlar aparmışıq. Düşünürəm ki, bu dialoqu davam etdirə bilərik”, - Bessent deyib.

Nazir Moskva və Pekinlə məsləhətləşmələrin konkret məzmununu açıqlamayıb. O, İran məsələsində ABŞ və Çin arasında fikir ayrılıqlarından daha çox ortaq məqamların olduğunu iddia edib.

Qeyd edək ki, avqustun 24-də Bessent Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyaları kəskin sərtləşdirdiyini açıqlayıb. ABŞ Tehranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyini də bildirib.