BAKI, 10 avqust. TELEQRAF
Kamerun Prezidenti, 93 yaşlı Pol Biya təxminən iki aydır ölkədən kənardadır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
1982-ci ildən Kameruna rəhbərlik edən Biya iyunun 7-də qısamüddətli şəxsi səfər məqsədilə Avropaya yollanıb və o vaxtdan ölkəsinə qayıtmayıb.
Bununla belə, “Reuters”in üç prezident fərmanına istinadən yaydığı məlumata görə, Biya avqustun 3-də ölkənin ali hərbi rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirib.
Kamerundakı beş birləşmiş hərbi dairədən dördünün komandanı dəyişdirilib, Çevik Reaksiya Qüvvələrinə yeni rəhbər təyin olunub. Prezident Qvardiyasının rəhbəri isə polkovnik rütbəsindən briqada generalı rütbəsinə yüksəldilib. Dəyişikliklər motoatıcı briqadaların komandanlığını da əhatə edib. Müvafiq fərmanlar dövlət radiosunda elan olunub.
Pol Biya hazırda dünyanın ən yaşlı fəaliyyətdə olan prezidentidir. O, hakimiyyətdə qalma müddətinə görə fəaliyyətdə olan dövlət başçıları arasında Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nqema Mbasoqodan sonra ikinci yerdədir.
Prezidentin uzun müddətdir ölkədə olmaması onun səhhəti ilə bağlı müzakirələri gücləndirib. Kamerun hökumətinin nümayəndəsi Rene Emmanuel Sadi daha əvvəl Biyanın sağ olduğunu və yaxın vaxtlarda ölkəyə qayıdacağını bildirib.