BAKI, 10 avqust. TELEQRAF

Özbəkistan Jurnalistlər Birliyinin nəzdində Bloqerlər Şurası yaradılıb. Qurumun məqsədi bloqerləri birləşdirmək, onların maraqlarını qorumaq, hüquqi yardım göstərmək və təlimlər keçirməkdir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Media İşçilərinin Peşəkar Assosiasiyasının sədri Şuxratjon Oripov bildirib.

O qeyd edib ki, bu gün bloqerlər ənənəvi media ilə yanaşı, ictimai rəyin formalaşmasında fəal iştirak edir və məlumatları tez bir zamanda yayırlar.

Oripov vurğulayıb ki, şura bloqerləri birləşdirməyi, hökumət və digər qurumlarla dialoq platforması yaratmağı və onların peşəkar bacarıqlarını artırmağa kömək etməyi hədəfləyir.

Şura həmçinin onların maraqlarını qorumalı, xüsusən də məlumat əldə etmək, təhdid və təzyiqlə bağlı problemlər yarandıqda məsləhət və hüquqi dəstək verməlidir.

Bloqerlər üçün seminarlar və təlimlər, media savadlılığı, hüquqi və etik biliklər üzrə kurslar, rəqəmsal təhlükəsizlik təlimləri keçiriləcək.